Xiaomi "büdcə dostu" Redmi 6 və Redmi 6A smartfonlarını təqdim etdi

Xiaomi şirkəti yeni Redmi 6 və Redmi 6A smartfonlarını istifadəçilərinin ixtiyarına verib.

 

 

Xiaomi bugün Pekində təşkil olunan mətbuat konfransında yeni "büdcə dostu" smartfonlarını - Redmi 6 və Redmi 6A modellərini təqdim etdi. Texniki özəlliklər baxımından olduqca fərqli xüsusiyyətlərə sahib olan bu modellər artıq indidən diqqətləri öz üzərinə çəkməyi bacarıb. 

MediaTek-in Helio P22 prosessorundan güc alan Redmi 6 smartfonu öz qiymətinə görə olduqca yaxşı performans göstərsə də, Helio A22 prosessoru ilə işləyən Redmi 6A modeli üçün təəssüf ki, eyni sözləri deyə bilmərik. Cihazların daxilinə nəzər salmışkən onu da qeyd edək ki, Redmi 6 modelində 3GB və 4GB, Redmi 6A modelində isə sadəcə 2GB-lıq tək ​RAM seçimi təqdim olunur. 

Redmi 6 və 6A-da Xiaomi-nin öz virtual köməkçisi olan Xiao Aİ dəstəyi də mövcuddur. Xiao Aİ-nin süni zəka bacarıqları, cihazların təhlükəsiz üz tanıma kilidi özəlliyi təqdim etməsinə imkan yaradır.

Cihazların texniki özəlliklərinə ümumi nəzər salaq:

Xiaomi Redmi 6

- Prosessor: MediaTek Helio P22

- RAM: 3GB/4GB

- Daxili yaddaş: 32GB/64GB

- Ekran: 5,45 düym, HD+

- Arxa Kamera: 12MP+5MP

- Ön Kamera: 5MP

- Batareya: 3000mAh

- Əməliyyat Sistemi: Android 8.1 Oreo

Xiaomi Redmi 6A

- Prosessor: MediaTek Helio A22

- RAM: 2GB

- Daxili yaddaş: 16GB

- Ekran: 5,45 düym, HD+

- Arxa Kamera: 13MP

- Ön Kamera: 5MP

- Batareya: 3000mAh

- Əməliyyat Sistemi: Android 8.1 Oreo

Xiaomi Redmi 6-nın 3GB RAM-lı versiyası 124 dollar, 4GB RAM-lı versiyası 156 dollara satışa çıxarılacaq. Ən aşağı qiymətli model olan Xiaomi Redmi 6A isə 96 dollara satılacaq. Sonda isə qeyd edək ki, hər iki modelin də satışları 15 iyun tarixindən başlayacaq.