iPhone və iPad cihazları üçün iOS 11.4 Beta 5 yayımlandı

Meydana çıxan problemləri aradan qalırmaq üçün yeniləmələrə davam edən Apple öz əməliyyat sistemlərinin yeni Beta versiyasını test üçün istifadəyə verib.

Apple iOS 11.4, macOS 11.13.5, watchOS 4.3.1 və tvOS 11.4 əməliyyat sistemlərinin 5-ci Beta versiyalarını istifadəçilərin sınaması üçün açıq elan edib.

Apple-ın mobil əməliyyat sistemi iOS 11 ötən ilin sentyabr ayında təqdim edilmişdi. Ancaq yeni sistemdə bir neçə problem olduğundan Apple sistemdəki düzəlişlərə davam edir.

Ötən həftə iOS 11.3 yeniləməsindən sonra şirkət bu dəfə də iOS 11.4 Beta 5-I istifadəyə verib. Bu yeniləmə əvvəlkilərlə müqayisədə daha böyük həcmlidir və bu dəfə sistem daha çox yaxşılaşdırılıb.

Yeni Beta versiyanı test edənlərin sözlərinə görə, yeni sistem təhsil sahəsində tətbiq yaratmaq üçün alətlər təqdim edən ClassKit platformasını, digər Apple cihazlarına audio və videolarınızı transfer edə biləcəyiniz AirPlay 2 texnologiyasını dəstəkləyir. Digər bir yenilik isə iCloud vasitəsilə iMessages ismarıclarının sinxronizasiya edilə bilməsidir.

AirPlay 2 interfeysi

iMessages-in sinxronizasiya edilə bilməsi

Təbii ki, sistemdə digər yeniliklər və xəta düzəlişləri mövcuddur. Yeni sistemi test etmək üçün Apple-ın rəsmi saytındakı linkə daxil olaraq qeydiyyatdan keçmək və yeniliyi yükləmək lazımdır.