SpaceX Starlink Layihəsini davam etdirir

Yer kürəsini tamamilə əhatə edəcək bir internet sistemi.

SpaceX kosmik tədqiqat şirkətinin CEO-su Elon Musk  son bir neçə il ərzində 42 min peykdən ibarət Starlink peyk layihəsi üzərində işləyir. Starlink layihəsinin məqsədi bütün dünyada istifadə edilə bilən minlərlə peyklə Yer kürəsini tamamilə əhatə edəcək bir internet sistemini inkişaf etdirməkdir. Ötən illərdə bəzi peyklərini orbitə çıxaran SpaceX layihənin birinci mərhələsini uğurla başa vurdu. Bir müddət sonra Elon Musk-a dünyanın bir çox yerindən olan kosmik tədqiqatçılar tərəfindən mənfi reaksiyalar gəlməyə başladı. Tədqiqatçıların fikrincə orbitə yerləşdirilən bu qədər peyk uzaq nöqtədə çox az parlaqlığı olan ulduzların rəsədxanalardan görünməyinin qarşısını alır.

Elon Musk Twitterdən verdiyi cavabda diqqətlə baxılmadığı halda peyklərin asanlıqla görünə bilməyəcəyini söylədi:  "Orbitdə artıq 4900 peyk var və bunu heç kim hiss etmir. Həqiqətən diqqətlə baxmasanız Starlink görünməyəcək və bu da astronomlara heç bir təsir göstərməyəcək. Artıq orbitdə daha çox teleskopa ehtiyacımız var. ". Ötən gün Twitter-də etdiyi açıqlamada geriyə addım ataraq  bu səhvi düzəlddiklərini bildirdi. Musk bunun peyk günəş panelləri ilə əlaqədar olduğunu və bucaqları dəyişdirərək problemi həll etdiyini söylədi.

Bütün bunlara baxmayaraq astronomlar hələ də narazılıqlarını nümayiş etdirməkdədirlər . Onlar düşünürlər ki, indi az olan peyklərin sayı 12000-ə çatanda baxış bucaqlarını bağlayacaqlar. Digər bir problem orbitdə peyk trafikinin təhlükəli səviyyələrə çatmasıdır. Qeyd edirlər ki, peyklər bu sürətlə yerləşdirilsə bir-biri ilə toqquşmağa başlaya bilər. Lakin Musk bütün dünyaya internet bağlantısı təmin edəcək layihəsində qərarlı görünür. Dünyanı silkələyən və həyatı demək olar ki, dayandıran Covid-19 epidemiyasına baxmayaraq, SpaceX işini davam etdirir.